“Azərbaycan Bayrağı, sadəcə, bayraq deyil. O, bizim dövlətçiliyimizin, müstəqilliyimizin rəmzidir. Ona görə də gərək hər bir Azərbaycan vətəndaşı, xüsusən gənc nəsil bunu dərk etsin, qiymətləndirsin.”
Ümummilli Lider Heydər Əliyevin bu dərin məzmunlu sözləri hər bir azərbaycanlının qəlbində üçrəngli bayrağımıza sonsuz sevgi, hörmət və ehtiram hissi yaradır. Hər il noyabrın 9-da ölkəmizdə böyük iftixar hissi ilə qeyd edilən Dövlət Bayrağı Günü Azərbaycan dövlətçiliyinin rəmzinə olan sədaqətin və milli birliyin təntənəsinə çevrilib. Prezident İlham Əliyevin 2009-cu il noyabrın 17-də imzaladığı Sərəncama əsasən bu tarix rəsmən Dövlət Bayrağı Günü elan edilib və Əmək Məcəlləsinə uyğun olaraq qeyri-iş günü kimi qeyd olunur.
Azərbaycanın üçrəngli Dövlət Bayrağının tarixi Azərbaycan Xalq Cümhuriyyəti dövrünə gedib çıxır. 1918-ci il noyabrın 9-da Cümhuriyyət hökumətinin iclasında qəbul edilən bayraq ilk dəfə həmin binanın üzərində dalğalanmış və 1920-ci ilin aprel ayınadək dövlət statusuna malik olmuşdur. Bu bayraq xalqımızın istiqlal arzularını, milli kimliyini, müasir dünyaya inteqrasiya istəyini və mənəvi köklərini özündə ehtiva edirdi. Onun üç rəngi – mavi türkçülüyü, qırmızı müasirliyi, yaşıl isə islam mədəniyyətinə bağlılığımızı ifadə edir. Bu ideologiyanın müəllifi görkəmli mütəfəkkir Əli bəy Hüseynzadə olmuşdur.
Azərbaycan Xalq Cümhuriyyətinin süqutundan sonra üçrəngli bayraq uzun illər dalğalanmadı. Lakin 1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri, Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü və qətiyyəti nəticəsində bu bayraq yenidən dövlət səviyyəsində ucaldıldı. Heydər Əliyev həmin tarixi hadisəni belə xatırlayırdı: “Biz burada, Naxçıvan Muxtar Respublikası Ali Sovetinin sessiyasında ilk dəfə 1918-ci ildə qəbul olunmuş Azərbaycan milli bayrağını qaldırdıq... Naxçıvanın milli bayrağı qəbul olundu – milli bayraq 1918-ci ildə Xalq Cümhuriyyəti tərəfindən qəbul edilmiş üçrəngli bayraqdır. Bu bayrağı sessiyanın salonuna gətirdik, başımızın üstünə vurduq.”
Bu addım müstəqil Azərbaycanın ideoloji əsaslarını formalaşdırdı, xalqda azadlıq ruhunu daha da gücləndirdi. Naxçıvan Muxtar Respublikası Ali Məclisi üçrəngli bayrağın ümumrespublika səviyyəsində rəsmi dövlət rəmzi kimi tanınması üçün vəsatət qaldırdı. 1991-ci il fevralın 5-də Azərbaycan Respublikası Ali Soveti “Azərbaycan Respublikasının Dövlət Bayrağı haqqında” Qanun qəbul etdi və üçrəngli bayrağımız rəsmi şəkildə Dövlət Bayrağı elan olundu. 1991-ci il oktyabrın 18-də qəbul edilmiş “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktı ilə isə bu bayraq yenidən müstəqil Azərbaycanın əsas atributlarından birinə çevrildi.
Dövlət Bayrağımızın təsviri Konstitusiyanın 23-cü maddəsi və 2018-ci il 2 noyabr tarixli Konstitusiya Qanunu ilə tənzimlənir. Bayrağımız eni bərabər olan üç üfüqi zolaqdan ibarətdir: mavi, qırmızı və yaşıl. Qırmızı zolağın ortasında ağ aypara və səkkizguşəli ulduz təsvir olunur. Bu rəmzlər həm dövlətçilik, həm milli kimlik, həm də mənəvi dəyərlərimizin simvoludur.
Azərbaycan Konstitusiyasının 75-ci maddəsinə əsasən, dövlət rəmzlərinə – bayraq, gerb və himnə hörmət hər bir vətəndaşın borcudur. Dövlət Bayrağının istifadəsi qaydaları isə 2004-cü il 8 iyun tarixli Qanunla müəyyən edilib. Bu, bayrağımıza olan hörmətin qanunla qorunduğunu göstərir.
Azərbaycanın dövlətçilik simvolları sırasında Dövlət Bayrağı xüsusi yer tutur. Prezident İlham Əliyevin 2007-ci il 17 noyabr tarixli Sərəncamına əsasən paytaxt Bakıda Dövlət Bayrağı Meydanı yaradılıb. 2010-cu il sentyabrın 1-də keçirilən açılış mərasimində Prezident İlham Əliyev demişdir: “Bizim bayrağımız qürur mənbəyimizdir. Bizim bayrağımız canımızdır, ürəyimizdir. Bu gün Azərbaycanın hər bir yerində Dövlət bayrağı dalğalanır... Bizim bayrağımız Dağlıq Qarabağda, Xankəndidə, Şuşada dalğalanacaqdır.”
Bu sözlər artıq reallığa çevrilib. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində əldə olunan tarixi Qələbə nəticəsində üçrəngli bayrağımız bu gün Şuşada, Xankəndidə, Laçında, Kəlbəcərdə, Füzulidə və digər azad edilmiş torpaqlarda dalğalanır. Bu, həm qürurumuzun, həm birliyimizin, həm də əbədi azadlığımızın simvoludur.
2024-cü ilin noyabrında Dövlət Bayrağı Meydanı yenidən bərpa edilərək Prezident İlham Əliyevin iştirakı ilə açılıb. Burada dünyanın ən böyük bayrağı ucaldılıb. Meydandakı Dövlət Bayrağı Muzeyində “Zəfər qalereyası” adlı ekspozisiya yaradılıb və burada Ali Baş Komandanın işğaldan azad edilmiş ərazilərdə Azərbaycan bayrağını ucaltdığı anlar əks olunub.
Bayraq – milli həmrəyliyimizin və “azərbaycançılıq” məfkurəsinin təcəssümüdür. O, hər bir azərbaycanlının qəlbində və evində qürurla dalğalanmalıdır. Ümummilli Lider Heydər Əliyev demişdir: “Gərək hər bir evdə Azərbaycan Dövlətinin Bayrağı olsun... gərək hər bir ailənin həyatının əziz bir hissəsi olsun.”
Bu gün üçrəngli bayrağımız dünyanın bütün beynəlxalq təşkilatlarının qarşısında, müstəqil Azərbaycanın başı üzərində dalğalanır. Bu bayraq artıq Qələbə rəmzimizə çevrilib. O, Vətən müharibəsində şəhidlərimizin qanı ilə müqəddəsləşib, xalqımızın əzmini, iradəsini və birliyini əks etdirir.
Əbədi dalğalan, üçrəngli bayrağım!
Sən azad Azərbaycanın, müstəqil dövlətimizin, qalib xalqımızın əbədi rəmzisən.
Faiq Xosrovlu
Mehdiabad qəsəbə 5 nömrəli tam orta ümumtəhsil məktəbinin dirketoru