Azərbaycanla Ermənistan arasında uzun illər davam edən münaqişə təkcə iki dövlət arasında ərazi məsələsi olmayıb. Bu qarşıdurmanın arxasında tarix, milli yaddaş, mədəni irs və insanların yaşadığı ağır hadisələr dayanır. Ona görə də bu gün regionda sülhün bərqərar olması üçün yalnız siyasi razılaşmalar kifayət etmir. Hər iki cəmiyyətdə yeni reallıqlara münasibət dəyişməlidir.
Ermənistan cəmiyyətində Azərbaycana, xüsusilə Qarabağ və Şərqi Zəngəzur məsələsinə münasibətdə səslənən bəzi fikirlər narahatlıq doğurur. Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini bərpa edib. Bu reallığın qəbul olunması Azərbaycan-Ermənistan münasibətlərinin gələcəyi üçün əsas şərtlərdən biridir. Keçmişdə baş verən hadisələrə müxtəlif yanaşmalar çoxdur, lakin keçmiş münaqişəni yenidən gündəmə gətirən, ərazi iddialarını və revanş düşüncəsini gücləndirən çağırışlar yeni qarşıdurmalara səbəb ola bilər.
Azərbaycan ərazisində fəaliyyət göstərən diplomatik nümayəndəliklərə münasibət məsələsi də diqqət çəkən mövzulardandır. Diplomatik münasibətlər dövlətlər arasında əlaqələrin əsas vasitələrindən biridir. Xarici diplomatların fəaliyyəti qəbul edən ölkənin qanunlarına və beynəlxalq normalara uyğun həyata keçirilməlidir. Azərbaycanın ərazi bütövlüyü və suverenliyi məsələsində başqa dövlətlərin və ya ayrı-ayrı qüvvələrin müdaxilə xarakterli mövqe nümayiş etdirməsi təbii olaraq Azərbaycanda etirazla qarşılanır.
Burada əsas məsələ yalnız ayrı-ayrı şəxslərin söylədiyi fikirlər deyil. Daha ciddi məsələ belə fikirlərin cəmiyyətdə necə qarşılanması və siyasi mühitə necə təsir etməsidir. Əgər bir ölkədə revanş düşüncələri geniş yayılırsa, bu, sülhə olan inamı zəiflədə bilər. Əksinə, cəmiyyətlər gələcəyə baxmağı bacarmalı, yeni müharibələr deyil, yeni əməkdaşlıq imkanları haqqında düşünməlidirlər.
Tarix məsələsi də Azərbaycan və Ermənistan arasında ən həssas mövzulardan biridir. Qarabağ və Şərqi Zəngəzurda yerləşən tarixi və mədəni abidələr bu torpaqların zəngin keçmişindən xəbər verir. Bu irsə münasibətdə əsas prinsip tarixi faktlara hörmət etmək və mədəni abidələri qorumaq olmalıdır.
Tarixi yalnız siyasi məqsədlərlə izah etmək düzgün deyil. Hər bir xalqın tarixində müxtəlif dövrlər, müxtəlif mədəni təsirlər və müxtəlif hadisələr olub. Buna görə də tarixə münasibətdə elmi araşdırmalara, tarixi mənbələrə və faktlara əsaslanmaq daha doğru yoldur. Hər hansı tarixi abidənin və ya mədəni irsin mənsubiyyətini müəyyənləşdirərkən də emosiyalar deyil, elmi faktlar əsas götürülməlidir.
Qafqaz Albaniyası irsi də bu baxımdan xüsusi əhəmiyyət daşıyır. Azərbaycanın qədim tarixinin mühüm hissəsini təşkil edən bu irs ölkəmizin ərazisində müxtəlif tarixi və mədəni izlər qoyub. Alban irsi ilə bağlı məsələlər müxtəlif mübahisələrin mövzusu olsa da, belə məsələlərin elmi müstəvidə araşdırılması daha məqsədəuyğundur. Tarixi irs siyasi qarşıdurmanın alətinə çevirilməməlidir.
Bu gün Azərbaycan cəmiyyətini narahat edən əsas məsələlərdən biri də Ermənistan daxilində revanşist qüvvələrin mövcudluğudur. Hər bir ölkədə müxtəlif siyasi baxışların olması mümkündür. Lakin siyasi fikir ərazi iddialarına, düşmənçiliyə və yeni qarşıdurma çağırışlarına çevrildikdə artıq bu, yalnız daxili məsələ olaraq qalmır. Belə yanaşmalar qonşu ölkələr arasında münasibətlərə də təsir göstərir.
Ermənistan hakimiyyətinin və siyasi qüvvələrin məsuliyyəti məhz burada başlayır. Cəmiyyətdə sülh düşüncəsinin möhkəmlənməsi üçün siyasi liderlər öz çıxışlarında diqqətli olmalıdırlar. Müharibənin ağrısını yaşamış iki xalq arasında münasibətləri yaxşılaşdırmaq asan deyil. Bunun üçün illərlə davam edən düşmənçilik hissinin tədricən aradan qaldırılması lazımdır.
Parlament rəhbərlərinin və digər yüksək vəzifəli şəxslərin səsləndirdiyi fikirlər isə daha böyük məsuliyyət tələb edir. Çünki belə şəxslərin hər bir açıqlaması cəmiyyətə təsir göstərir. Siyasi xadimlərin çıxışları insanlarda yeni qarşıdurma gözləntisi yaratmamalı, əksinə, sülhə və sabitliyə xidmət etməlidir.
Azərbaycan xalqı müharibənin nə demək olduğunu yaxşı bilir. Buna görə də sülh istəyi zəiflik kimi başa düşülməməlidir. Əksinə, əldə edilmiş nəticələrdən sonra bölgədə uzunmüddətli sabitliyin yaradılması Azərbaycanın və bütövlükdə regionun marağındadır. Bunun üçün qarşılıqlı hörmət və etimad vacibdir.
Sülh yalnız sənəd imzalamaqla yaranmır. Sülh həm də insanların düşüncəsində yaranmalıdır. Bunun üçün hər iki tərəfdə qarşılıqlı nifrəti artıran fikirlərdən uzaqlaşmaq, keçmişin ağrılı səhifələrindən nəticə çıxarmaq və gələcəyə baxmaq lazımdır.
Azərbaycan və Ermənistanın gələcək münasibətləri düşmənçilik üzərində deyil, qonşuluq və qarşılıqlı hörmət üzərində qurulmalıdır. Bunun üçün Azərbaycanın ərazi bütövlüyü və suverenliyi qəbul edilməli, revanşist çağırışlara son qoyulmalı, tarixi və mədəni irslə bağlı məsələlərə obyektiv yanaşılmalıdır.
Ən başlıcası isə yeni nəsillərə müharibə və düşmənçilik deyil, sülh və əməkdaşlıq düşüncəsi aşılanmalıdır. Çünki bu gün verilən siyasi mesajlar sabahın münasibətlərini formalaşdırır. Regionda davamlı sülh istəyiriksə, keçmişdən dərs çıxarmalı, tarixi təhrif etməməli və gələcəyi yeni qarşıdurmalar deyil, qarşılıqlı anlaşma üzərində qurmalıyıq.
Vüqar Bəşirov
Abşeron RİH başçısının Aşağı Güzdək qəsəbə İƏD üzrə nümayəndəsi