Absheron Media
Haqqımızda Bizimlə əlaqə

Bugün iki görkəmli şəxsiyyətin doğum günüdür

Tarix:16-08-2022, 15:08

Bugün iki görkəmli şəxsiyyətin doğum günüdür

Bu gün Azərbaycanın görkəmli dövlət xadimi Şıxəli Qurbanovun və xalq şairi Bəxtiyar Vahabzadənin doğulmasından 97 il ötür.

İctimai və dövlət xadimi, yazıçı, dramaturq, şair, filologiya elmləri doktoru, Azərbaycan Dövlət mükafatı laureatı Şıxəli Qurban oğlu Qurbanov 1925-ci il avqustun 16-da Abşeron rayonunun Novxanı kəndində doğulub. Ali təhsilini Azərbaycan Pedaqoji İnstitutunda alıb. Onun pyesləri, liberettoları, səhnə əsərləri, fəlsəfi faciələri Azərbaycan Dram və Musiqili Komediya Teatrlarını yeni məzmun və forma axtarışları ilə zənginləşdirib.

Ş.Qurbanov böyük sələfi M.F.Axundov kimi öncə bəzi çağdaşlarını satira-yumor dili ilə, gülüşlə islah etməyə çalışıb. Onun çeşidli komediyaları, əlvan formalı musiqili liberottaları milli Azərbaycan səhnəsində yer alıb.

“Əcəb işə düşdük”, “Özümüz bilərik”, “Olmadı elə, oldu belə”, “Sevindik qız axtarır”, “Milyonçunun dilənçi oğlu”, “Sənsiz” kimi səhnə əsərləri minlərlə çağdaş tamaşaçının qəlbinə yol tapıb, onları düşündürüb. Bu əsərlər zəngin milli dramaturgiyamızın Nəcəfbəy Vəzirov, Haşımbəy Vəzirov, Əbdürrəhim bəy Haqverdiyev, Üzeyir bəy Hacıbəyli, Sabit Rəhman… irsinin yeni biçimdə qanunauyğun davamı və inkişafı sayıla bilər. Ş.Qurbanovun komediya və liberottoları, sonra yaranan yeni əsərlərə bir körpü rolu oynayıb.

O, XX yüzilin 60-cı illərində Azərbaycan Elmlər Akademiyasının (o vaxtkı) Dil və Ədəbiyyat İnstitutuna rəhbərlik edib; bir sıra başqa ictimai, siyasi, elmi və dövlət vəzifələri daşıyıb, hər bir vəzifədə də öz peşəkarlığı, ləyaqəti ilə seçilib.

O, Mərkəzi Komitənin katibi olaraq, milli kadrları yüksək vəzifələrə irəli çəkmək xətti tutan alovlu vətənpərvər olub, öz milli duyğu və düşüncələrini açıq şəkildə dilə gətirib. Təsadüfi deyil ki onun təşəbbüsü ilə Novruz bayramı, uzunmüddətli fasilədən sonra (XX əsrin 60-cı illərində) Azərbaycanda dövlət səviyyəsində qeyd olunub. Xalq tonqalların işığında özünün tarixi yaddaşına – kökünə, ilkinliyinə və bütövlüyünə qayıtmağa başlayıb…

1967-ci ilin Novruz tonqalları yalnız küçələri, meydanları yox, həm də ən başlıcası, totalitarizmin, Kreml mərkəzçiliyinin qırmızı qaranlıqlarına bürünən ürəkləri, beyinləri işığa qərq edib. Bu sahədə ədəbiyyat xeyli iş görsə də, milli özünüdərkin formalaşması məsələsinə Mərkəzi Komitənin, xüsusilə, onun rəhbərlərindən birinin müdaxiləsi o vaxtın görünməmiş hadisələrindən olub.

Azərbaycanın o vaxtkı partiya nomenklaturasında təmsil olunan Ş.Qurbanov öz dogma xalqına, Vətəninə, vətəndaşlara, sadə insanlara münasibətdə, cəsarət, comərdlik və ləyaqət örnəyi göstərən milli kadrlardan olub.

Ş.Qurbanov “İgidliyə görə”, “Köniqsberqin alınmasına görə”, “1941-1945-ci illər müharibəsində Almaniya üzərində qələbəyə görə” və başqa medallarla təltif edilib, Üzeyir Bəy Hacıbəyli adına mükafatın laureatı olub, dəfələrlə Azərbaycan Ali Sovetinə deputat seçilib.

Tanınmış ictimai və dövlət xadimi, ədib, alim, Dövlət Mükafatı laureatı Ş.Qurbanov I Fəxri Xiyabanda dəfn olunub. Abşeron rayonunun mərkəzi Xırdalan şəhərində, Masazır kəndində, Novxanı kəndində, Mehdiabad qəsəbəsindəki küçələrdən biri, eləcədə Paytaxt Bakıdakı küçələrdən biri, Azərbaycan Dövlət Musiqili Teatrı, Zaqatala şəhərindəki 3 saylı tam orta məktəb Ş.Qurbanovun adını daşıyır.


Azərbaycanın Xalq şairi Bəxtiyar Vahabzadə bütün yaradıcılığı ilə mənsub olduğu millətin yaddaşına hopmuş sənətkarlardandır.

Bu gün Bəxtiyar Vahabzadənin anadan olmasının 97-ci ildönümü tamam olub.

Müasir Azərbaycan ədəbiyyatının ən parlaq simalarından olan Bəxtiyar Vahabzadə öz yaradıcılığı ilə bədii fikrimizin zənginləşməsində mühüm rol oynayıb. Böyük söz ustası xalqımızın yüz illər boyu təşəkkül tapmış yüksək milli-mənəvi dəyərlərinin qorunması, adət-ənənələrimizin yaşadılması naminə altmış ildən artıq bir müddət ərzində yorulmadan yazıb, yaradıb. O azərbaycançılıq məfkurəsinə dərindən bağlı olan və özünüdərkə çağıran çoxsaylı əsərləri ilə ədəbiyyatımızın inkişafına töhfələr verib. Azərbaycan xalqının tarixinin qədim dövrlərdən bəri müxtəlif mərhələlərində baş vermiş taleyüklü hadisələr, böyük şəxsiyyətlərin parlaq simaları ustad sənətkarın diqqət mərkəzində olub.

Bəxtiyar Vahabzadənin bir alim kimi də Azərbaycan elmi qarşısında xidmətləri danılmazdır. Onun şifahi ədəbi irsimizin, klassik və müasir Azərbaycan ədəbiyyatının öyrənilməsi sahəsində axtarışlarının bəhrəsi olan əsərləri daim elmi ictimaiyyət tərəfindən maraqla qarşılanıb.

Bəxtiyar Vahabzadə ədəbi və elmi yaradıcılığı pedaqoji fəaliyyətlə uğurla əlaqələndirərək, uzun illər Bakı Dövlət Universitetinin professoru kimi Azərbaycanda yüksəkixtisaslı kadrların hazırlanmasına töhfələr verib. 1951-ci ildə "Səməd Vurğunun lirikası" mövzusunda namizədlik, 1964-cü ildə isə "Səməd Vurğunun həyat və yaradıcılığı" mövzusunda monoqrafiyasını müdafiə edib, filologiya elmləri doktoru alimlik dərəcəsini alıb. O, 1980-ci ildə Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü seçilib. 2000-ci ildən isə AMEA-nın həqiqi üzvü olub.

Yetmişdən çox şeir kitabı ilə böyük oxucu sevgisi qazanan B.Vahabzadə 2 monoqrafiyanın, 11 elmi publisist kitabın və yüzlərlə məqalənin müəllifi olaraq əsl alim kimi öz sözünü deyib.

Haqsızlığa, ədalətsizliyə qarşı üsyan Bəxtiyar şeirinin əsas leytmotivlərindəndir. Görkəmli söz ustası hələ ötən əsrin 60-cı illərindən ölkəmizdə sovet imperiyasına qarşı milli azadlıq hərəkatının öncüllərindən biri olub. 1959-cu ildə yazdığı "Gülüstan" poeması ilə iki yerə parçalanmış Azərbaycanın tarixi faciəsini dilə gətirərək, imperiya pəncəsi altında inləyən Azərbaycan xalqının azadlıq və istiqlal uğurundakı ədalətli mübarizəsinə qoşulub.

Bəxtiyar Vahabzadə yaradıcılığında baş mövzulardan biri də ana dilidir. Onun qəti qənaətinə görə, dil xalqın varlığının nişanələrindən biri olub, onun ən qiymətli sərvətidir, üstəlik nəsillər silsiləsini birləşdirən, babaların vəsiyyətini nəvələrə çatdıran qüdrətli tərbiyə vasitəsidir. Görkəmli şərqşünas alim Əhməd Şmide yaradıcılığını dərindən öyrəndiyi, əsərlərini alman dilinə tərcümə etdiyi Bəxtiyar Vahabzadə barədə belə deyib: "Bir insanın öz xalqını və öz doğma dilini dəlicəsinə sevə bilmək qabiliyyətini mən Bəxtiyar Vahabzadədən öyrəndim. Bəxtiyar Vahabzadə realist şairdir. Dolaşıq və müəmmalı ifadələr, aydın olmayan tərkiblər və əllaməlik onun sənətinə yaddır".

Bəxtiyar Vahabzadənin tariximizin bir çox hadisələrini canlandıran dram əsərləri gənc nəslin tərbiyəsində böyük rol oynayır. Müasir həyatdakı ziddiyyətlərin, qarşıdurmaların və mənəvi sarsıntıların təsviri ilə yanaşı, yüksək, pak və ülvi hisslərin tərənnümü ədibin dramaturgiyasında təcəssümünü tapıb. Təsadüfi deyil ki, onun pyesləri Azərbaycan, eləcə də xarici ölkə teatrlarının səhnələrində uğurla tamaşaya qoyulub, müəllifinə böyük şöhrət gətirib. Onun müasir mövzularda qələmə aldığı "İkinci səs", "Vicdan", "Yağışdan sonra", "Yollara iz düşür", "Hara gedir bu dünya?", "Fəryad", "Cəzasız günah", "Dar ağacı", "Rəqabət" və "Özümüzü kəsən qılınc" kimi lirik-psixoloji pyesləri günün aktual problemlərindən, müasirlərimizin daxili dünyasından, daim təzələnən həyat və insan münasibətlərindən söz açmaqla gerçəkliyin ən müxtəlif tərəflərinə diqqət cəlb edib, layiqli səhnə təcəssümü taparaq, yarım əsrədək bir müddətdə Azərbaycan səhnəsindən düşməyib. O, tarixi və müasir mövzuda 20-dən artıq irihəcmli poemanın müəllifidir.

Azərbaycan xalqının müstəqilik ideyalarının ilk carçılarından idi Bəxtiyar Vahabzadə. Bu azadlığın çətin və şərəfli iş olduğunu duyaraq bir an belə seçdiyi yoldan nəinki dönmədi, əksinə daim mübarizənin ön cərgəsində oldu. Bəlkə də bu səbəbdəndir ki, 20 Yanvar faciəsi ilə bağlı qələmə aldığı "Şəhidlər" poeması ilə yeni bir tarix yazdı.

Bəxtiyar Vahabzadə millətin məhəbbətinə layiq olduğunu təsdiq etmək üçün ziddiyyətlər içində keçən həyatının bütün cəfalarına çəkinmədən tab gətirib, heç vaxt sarsılmayıb. Elə buna görədir ki, şeirin Bəxtiyarı Azərbaycanın Bəxtiyarı olaraq qəlblərdə əbədi qalıb.

Bugün iki görkəmli şəxsiyyətin doğum günüdür
Bugün iki görkəmli şəxsiyyətin doğum günüdür

Azərbaycan xalqı qoymayacaq ki, bir daha düşmən başını qaldırsın
Azərbaycan xalqı qoymayacaq ki, bir daha düşmən başını qaldırsın
Abşeron rayonunda 27 sentyabr - Anım Gününə həsr olunmuş silsilə tədbirlər keçirilib
Abşeron rayonunda 27 sentyabr - Anım Gününə həsr olunmuş silsilə tədbirlər keçirilib
Dəmir yumruq öz işini gördü
Dəmir yumruq öz işini gördü
Mina xəritələrinin təhvil verilməsi üçün Ermənistana təzyiq gücləndirilməlidir
Mina xəritələrinin təhvil verilməsi üçün Ermənistana təzyiq gücləndirilməlidir
Tezliklə biz Avropa bazarına, əsasən də İtaliyaya neft ixrac edən ölkəyə çevrildik
Tezliklə biz Avropa bazarına, əsasən də İtaliyaya neft ixrac edən ölkəyə çevrildik
Abşeron rayonunda şəhid ailələrinə və qazilərə göstərilən diqqət davam etdirilib
Abşeron rayonunda şəhid ailələrinə və qazilərə göstərilən diqqət davam etdirilib
Abşeronda vətəndaş qəbulları keçirilib
Abşeronda vətəndaş qəbulları keçirilib
Ulu Öndərin ömür yolu Vətənə və xalqa xidmət nümünəsidir
Ulu Öndərin ömür yolu Vətənə və xalqa xidmət nümünəsidir
Azərbaycan və Qazaxıstan xalqlarını ortaq köklər birləşdirir
Azərbaycan və Qazaxıstan xalqlarını ortaq köklər birləşdirir
Abşeronda şəhid ailələri və qazilər üçün həyata keçirilən layihələr davam etdirlir
Abşeronda şəhid ailələri və qazilər üçün həyata keçirilən layihələr davam etdirlir
Abşeron rayonunda yeni yaşıllıq sahələri salınır
Abşeron rayonunda yeni yaşıllıq sahələri salınır
Abşeronda vətəndaş qəbulları keçirilib.
Abşeronda vətəndaş qəbulları keçirilib.
Abşeronda şəhidin ailəsinin istəyi ilə yaşadıqları küçə asfaltlandı
Abşeronda şəhidin ailəsinin istəyi ilə yaşadıqları küçə asfaltlandı
“Basqal” Dövlət Tarix-Memarlıq Qoruğuna dövlət qayğısı...
“Basqal” Dövlət Tarix-Memarlıq Qoruğuna dövlət qayğısı...
Bugün iki görkəmli şəxsiyyətin doğum günüdür
Bugün iki görkəmli şəxsiyyətin doğum günüdür
Abşeron idmançıları Konyada dörd medal qazanıblar
Abşeron idmançıları Konyada dörd medal qazanıblar
Abşeronlu şagirdlər beynəlxalq Olimpiadada 7 medal qazandılar
Abşeronlu şagirdlər beynəlxalq Olimpiadada 7 medal qazandılar
Mehriban xanım Əliyeva UNESCO-nun xoşməramlı səfiri kimi dünya miqyasında Qeyri-maddi mədəni irsin qorunmasına müstəsna töhfələr verir
Mehriban xanım Əliyeva UNESCO-nun xoşməramlı səfiri kimi dünya miqyasında Qeyri-maddi mədəni irsin qorunmasına müstəsna töhfələr verir
12 avqust - Beynəlxalq Gənclər Günüdür
12 avqust - Beynəlxalq Gənclər Günüdür