Absheron Media
Haqqımızda Bizimlə əlaqə

Azərbaycan xalqı qoymayacaq ki, bir daha düşmən başını qaldırsın

Tarix:29-09-2022, 09:16

Azərbaycan xalqı qoymayacaq ki, bir daha düşmən başını qaldırsın


Biz həm döyüş meydanında, həm siyasi müstəvidə
özümüzü təsdiqləmişik, dünyaya təsdiqləmişik.
Azərbaycan xalqını qürurlu xalq kimi, cəsarətli xalq
kimi, yenilməz xalq kimi təsdiqləmişik.”
İlham Əliyev

27 sentyabr 2020-ci il tarixdə Azərbaycan Respublikasının Prezidenti, Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş Komandanı cənab İlham Əliyevin çağırışına bütün Azərbaycan xalqı ayağa qalxdı. Hamı bir amal uğrunda-haqq uğrunda dəmir yumruq ətrafında sıx birləşdi. Xalqımız 44 günlük Vətən müharibəsində möhkəm birlik , qətiyyət və iradə nümayiş etdirdi. Minlərlə gənc vətənin bütövlüyü uğrunda yağı düşmənlə savaşa girdi. Namərd düşməni əzəli-əbədi yurd yerlərimizdən qovub çıxartdı. Üçrəngli bayrağımızı öpərək cəbhəyə yollanan minlərlə igid, qəhrəman vətən övladı canından artıq sevdiyi vətən torpağına sinəsini sipər edərək, bayrağa bükülü qayıdıb torpağa tapşırıldı.

Yüksək təlim görmüş, nizami ordumuz bir addım belə geri atmadan biri-birinin ardınca kənd və qəsəbələrimizi, şəhər və rayonlarımızı işğalçılardan təmizlədi. Müqəddəs bayrağımızı azad olunan torpaqlarımıza sacdılar.

2020-ci ilin 27 sentyabr günü Azərbaycanın tarix salnaməsinə zəfərə uzanan yol kimi həkk olundu. O gün Ermənistan növbəti dəfə təxribata əl atmışdı. Bütün cəbhə boyü ağır artilleriyadan istifadə edərək hücuma keçmişdi və birbaşa mülki əhalini hədəfə almışdı. Odur ki, müharibə artıq qaçılmaz idi. “Dağlıq Qarabağ ordusu” adı altında Ermənistan silahlı qüvvələri vuruşurdu. Lakin yenilməz Azərbaycan əsgərinin qarşısında işğalçı ordu tab gətirə bilməzdi. Qorxuya, təşvişə düşən erməni əsgərləri böyük itkilər verərək silahlarını atıb qaçdılar. Azərbaycan tərəfindən isə bir nəfər belə fərari olmadı. Əksinə, yaralı əsgərlər tezliklə sağalıb cəbhəyə-vətəni qorumağa can atırdılar. Füzuli istiqamətində ermənilər beş-altı müdafiə xətti qurmuşdular. Qəhrəman Azərbaycan əsgəri Vətən sevgisi ilə, öz canları bahasına o xəttləri yararaq irəliləyirdilər. Düşmənin bağrını yararaq dədə-baba torpaqlarımıza sahib çıxırdılar. 44 günlük Vətən müharibəsi ərzində 300-ə yaxın şəhər və kənd erməni işğalçılarından azad olundu. Bu gün müqəddəs, üçrəngli bayrağımız azad olunmuş torpaqlarımızda dalğalanır.

Ermənistan duruş gətirə bilməyərək kapitulyasiya aktına imza atmağa və işğal altında saxladığı torpaqlardan çıxmağa məcbur oldu. Azərbaycan Prezidenti qətiyyətlə “Dağlıq Qarabağ” məsələsinə də son qoydu: “Azərbaycanda “Dağlıq Qarabağ” adlı inzibati ərazi mövcud deyil və əgər kimsə istəyirsə, onu öz ərazisində diriltsin, öz ərazisində “Dağlıq Qarabağ” adlı qurum yaratsın, respublika yaratsın, cəmiyyət yaratsın. Biz də onu tanıyaq, amma Azərbaycanda yox!”

Bəli, 27 sentyabrda başlanan yol bizi Qələbəyə, Şanlı Zəfərə apardı. Şəhidlərimizin qanı-qisası alındı. Torpaqlarımız geri qaytarıldı. Canını vətən yolunda fəda edən şəhidlərimizin bu gün ruhları şaddır. Bir vaxtlar ermənilər deyirdilər ki, bizim tanklarımız Bakıya qədər gələcək. Onlar gələ bilmədilər, lakin Azərbaycan ordusunun qəhrəmanları onların tanklarını və yüzlərlə boş qalmış dəbilqələrini Bakıya gətirdi. Bunlar və ermənilərin digər hərbi texnikaları Bakıda sahildə yerləşən “Hərbi Qənimətlər Parkı”nda nümayiş etdirilir.

Ötən il Anım Günündə şəhidlərimizə, itkin düşmüş soydaşlarımıza, qətlə yetirilmiş mülki vətəndaşlara ehtiram əlaməti olaraq Bakı şəhərində yürüş keçirilmişdir. Azərbaycanın Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev, birinci xanım Mehriban Əliyeva, kursantlar və hərbçilər şəhidlərimizin fotolarından ibarət plakatlarla yürüş edərək şəhidlərimizin qəlbimizdə daim böyük məhəbbətlə yaşayacaqlarını nümayiş etdirirdilər.

İkinci anım günündə isə Azərbaycanın dövlət başçısı və birinci xanım Füzuli rayonunun Qaraxanbəyli kəndində oldular, 27 sentyabr-Anım Gününə həsr olunmuş xatirə lövhəsinin qarşısına gül dəstələri qoyaraq müqəddəs şəhidlərimizi ehtiramla yad etdilər.

Onu da qeyd edim ki, Füzuli rayonunun Qaraxanbəyli, Qərvənd, Kənd Horadiz, Yuxarı Əbdurrahmanlı kəndləri, Cəbrayıl rayonunun Böyük Mərcanlı, Nüzgar kəndləri, Ağdərə və Murovdağ istiqamətlərindəki yüksəkliklər müharibənin ilk günündə -sentyabr ayının 27-də düşməndən təmizlənib. Şəhidlərimizin şərəfinə Qaraxanbəyli kəndinin yaxınlığında qaya parçasında abidə ucaldılıb.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev: “Bu gün Azərbaycanda Anım Günüdür. Bütün Azərbaycan xalqı şəhidlərimizin əziz xatirəsini yad edir. Allah bütün şəhidlərimizə rəhmət etsin.

Şəhidlərimiz Vətən, torpaq uğrunda öz canlarını fəda etdilər. Biz öz şəhidlərimizlə fəxr edirik. Şəhidlərimizin qanı yerdə qalmadı, biz şəhidlərimizin qanını aldıq. Doğma torpaqlarımızı düşməndən azad etdik, ölkəmizin ərazi bütövlüyünü bərpa etdik. Zəfərimizlə fəxr edirik. Eyni zamanda fəxr edirik ki, biz-bu torpaqların sahibləri bu torpaqlara yenidən həyatı qaytardıq.”

Artıq iki ildir ki, doğma torpaqlarımız işğaldan azad edilib. Azad edilmiş torpaqlarda genişmiqyaslı abadlıq-quruculuq işləri gedir. Yollar çəkilir, evlər tikilir, inzibati binalar inşa edilir. Vandalların dağıtdıqları məscidlər, tarixi və memarlıq abidələri, kəndlər, şəhərlər yenidən bərpa olunur. Şuşada “Qarabağ şikəstəsi” dağlarda, qayalarda əks-səda verir. Şuşaya insan axınının ardı-arası kəsilmir. Bir neçə yaşayış üçün hazır olan yaşayış məntəqələrinə 30 ilə yaxın vətən həsrətı çəkən soydaşlarımız köçürülüb.

Bu gün biz 30 il işğal altında qalan torpaqlarımızı azad görürük. Bu bizim nəsil üçün böyük bir xoşbəxtlikdir. İllərlə ayrı düşdüyümüz, həsrətini çəkdiyimiz ana yurdumuzun yaralanmış bir parçasına məlhəm ola bildik. Şəhidlərimizin qisasının alınmasını gördük. O torpaqlara qətrə-qətrə milli musiqimiz hopdu. Bəli, biz belə bir tarixi Zəfərin, belə bir qalibiyyətin şahidi olduq. Buna görə özümüzü çox xoşbəxt hesab edirik.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev: “Hər bir azərbaycanlı fəxr edir ki, bu torpağın övladıdır. Fəxr edirik ki, döyüş meydanında öz haqqımızı bərpa etdik, düşməni məğlub etdik və bundan sonra biz müzəffər xalq kimi, qalib ölkə kimi əbədi yaşayacağıq. Azərbaycanın hər bir vətəndaşı vəd verməlidir ki, daim müstəqilliyin keşiyində duracaqdır. Azərbaycan xalqı qoymayacaqdır ki, bir daha düşmən başını qaldırsın, qoymayacaq ki, bir daha bizim üçün təhdid yaratsın. Bütün təhdidlərin qarşısı alınacaqdır. Çünki ölkəmizin artan gücü müstəqilliyimizin, rahat həyatımızın təminatçısıdır, onun qarantıdır.”

Şəhla Ağbulud
“Abşeron” qəzetinin baş redaktoru

Azərbaycanın qətiyyətli mövqeyi regionda sabitlik yaradır
Azərbaycanın qətiyyətli mövqeyi regionda sabitlik yaradır
Abşeronlu karateçi Türkiyədə qızıl medal qazandı
Abşeronlu karateçi Türkiyədə qızıl medal qazandı
Laçının Zəfər salnaməsi: tariximizin şanlı səhifəsi
Laçının Zəfər salnaməsi: tariximizin şanlı səhifəsi
Azərbaycan Türkmənistan əməkdaşlığı hər iki region üçün yeni imkanlar yaradır
Azərbaycan Türkmənistan əməkdaşlığı hər iki region üçün yeni imkanlar yaradır
Müstəqillikdən Suverenliyə
Müstəqillikdən Suverenliyə
Tarixi yurd yerimiz olan Kəlbəcərdə həyat yenidən öz axarına düşür
Tarixi yurd yerimiz olan Kəlbəcərdə həyat yenidən öz axarına düşür
Dövlət Bayrağı suveren ölkəmizin hər bölgəsində qürurla dalğalanır
Dövlət Bayrağı suveren ölkəmizin hər bölgəsində qürurla dalğalanır
Konstitusiya və Suverenlik İli – Dövlətçilik tariximizin şərəfli salnaməsi
Konstitusiya və Suverenlik İli – Dövlətçilik tariximizin şərəfli salnaməsi
523 və 535 nömrəli marşrutlarda istismar olunan avtobuslar yenilənib
523 və 535 nömrəli marşrutlarda istismar olunan avtobuslar yenilənib
Abşeronda idmana və idmançılara yüksək dövlət qayğısı
Abşeronda idmana və idmançılara yüksək dövlət qayğısı
Azərbaycan Prezidentinin ABŞ-a səfəri, həmçinin Azərbaycan-Ermənistan normallaşma kontekstində mühüm nəticələr ilə əlamətdar olub
Azərbaycan Prezidentinin ABŞ-a səfəri, həmçinin Azərbaycan-Ermənistan normallaşma kontekstində mühüm nəticələr ilə əlamətdar olub
Konstitusiya və suverenlik: Milli iradənin təntənəsi
Konstitusiya və suverenlik: Milli iradənin təntənəsi
İdmanın inkişafında milli strategiya
İdmanın inkişafında milli strategiya
Konstitusiya və Suverenlik İli: Müstəqilliyin hüquqi və milli təməli
Konstitusiya və Suverenlik İli: Müstəqilliyin hüquqi və milli təməli
Heydər Əliyev və Azərbaycan Təhsili: Ulu Öndərin Elmə və Maarifə Sönməyən Ehtiramı
Heydər Əliyev və Azərbaycan Təhsili: Ulu Öndərin Elmə və Maarifə Sönməyən Ehtiramı
Azərbaycan dövlətinin əbədi sütunları: Konstitusiya və suverenliyin gücü
Azərbaycan dövlətinin əbədi sütunları: Konstitusiya və suverenliyin gücü
Abşeronda “1 avqust - Azərbaycan əlifbası və Azərbaycan dili Günü”nə həsr olunmuş maarifləndirmə tədbiri keçirilib
Abşeronda “1 avqust - Azərbaycan əlifbası və Azərbaycan dili Günü”nə həsr olunmuş maarifləndirmə tədbiri keçirilib
Azərbaycan dili – milli varlığımızın təməli və dövlətçiliyimizin dayağı
Azərbaycan dili – milli varlığımızın təməli və dövlətçiliyimizin dayağı
Azərbaycan Milli Mətbuatının yaranmasının 150 illiyi Abşeron rayonunda qeyd olunub.
Azərbaycan Milli Mətbuatının yaranmasının 150 illiyi Abşeron rayonunda qeyd olunub.