
Azərbaycanın dövlətçilik salnaməsində Ulu Öndər Heydər Əliyevin adı təhsil sahəsində həyata keçirdiyi dərin islahatlarla, gələcəyə hesablanmış uzaqgörən strategiyası ilə həmişə xüsusi çəkidə xatırlanır. O, hələ ötən əsrin 70–80-ci illərində təhsili milli tərəqqinin, güclü dövlət quruculuğunun təməl daşı kimi müəyyənləşdirmiş, “Təhsil sahəsi həyatımızın ən gərəkli, ən mühüm sahəsidir” deyərək bu istiqaməti Azərbaycanın gələcəyinin qarantı adlandırmışdı. Heydər Əliyevin rəhbərliyi ilə həyata keçirilən məqsədyönlü siyasət nəticəsində məktəb şəbəkəsi sürətlə genişləndi, yeni tədris ocaqları inşa olundu, ana dilində təhsilin qorunması və inkişafı dövlət siyasətinin əsas prioritetinə çevrildi. Onun təşəbbüsü ilə 1978-ci ildə Azərbaycan dilinin dövlət dili kimi konstitusiya ilə təsbit edilməsi milli kimliyimizin qorunmasında əvəzsiz rol oynadı. Eyni zamanda, peşə və ali təhsilin inkişafı üçün geniş imkanlar yaradıldı, gənclərin SSRİ-nin aparıcı ali məktəblərinə göndərilməsi milli kadr potensialının formalaşmasını təmin etdi. Hərbi sahədə milli kadrların hazırlanması məqsədilə Cəmşid Naxçıvanski adına Hərbi Liseyin təsis edilməsi də gələcək müstəqil dövlət üçün strateji addım idi. Bu qərarlar sonradan müstəqil Azərbaycan Respublikasının intellektual və peşəkar kadr bazasının yaranmasına möhkəm təməl oldu.
Müstəqilliyin bərpasından sonra ölkənin üzləşdiyi siyasi və iqtisadi çətinliklər, torpaq itkiləri və humanitar böhran təhsil sisteminə də ciddi zərbə vurdu. Lakin 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdan Heydər Əliyev təhsil sahəsini dirçəltmək, milli inkişafı təmin etmək üçün yeni mərhələnin əsasını qoydu. Qaçqın və məcburi köçkün uşaqlar üçün yüzlərlə məktəb tikildi, təhsil müəssisələrinin maddi-texniki bazasının bərpası və müasirləşdirilməsi istiqamətində dövlət proqramları qəbul edildi. 1999-cu ildə təsdiqlənən “Təhsil sahəsində İslahat Proqramı” təhsil sisteminin məzmununun, idarəetmə mexanizminin və strukturunun yenilənməsinə, dünya standartlarına uyğunlaşdırılmasına imkan yaratdı. Heydər Əliyev müəllim əməyini həmişə yüksək qiymətləndirir, onların fədakarlığını dövlətin gələcəyi ilə bir tutaraq “Dünyada müəllimdən şərəfli ad tanımıram” deyirdi.
Bu uzaqgörən siyasət müasir dövrdə Prezident İlham Əliyev tərəfindən ardıcıl şəkildə davam etdirilir və yeni reallıqlara uyğun inkişaf etdirilir. Son iyirmi ildə ölkənin bütün bölgələrində minlərlə yeni məktəb binasının tikintisi, mövcud təhsil müəssisələrinin əsaslı təmiri və müasir avadanlıqla təchiz edilməsi həyata keçirilib. Dövlət başçısının təşəbbüsü ilə “Məktəbəqədər təhsil müəssisələrinin inkişafı proqramı”, “Regionlarda yeni məktəb tikintisi proqramı”, “Peşə təhsili strategiyası” kimi mühüm sənədlər qəbul edilib. Ali təhsilin beynəlxalq standartlara uyğunlaşdırılması, ikili diplom proqramlarının təşkili, gənclərin xaricdə təhsili üçün geniş imkanlar yaradılması Azərbaycanın təhsil məkanını qlobal elm və bilik mühitinə inteqrasiya etdirib. Prezident İlham Əliyevin diqqət mərkəzində olan müəllim əməyinin stimullaşdırılması istiqamətində görülən işlər, müəllimlərin diaqnostik qiymətləndirilməsi və əməkhaqlarının dəfələrlə artırılması təhsilin keyfiyyətinə birbaşa müsbət təsir göstərib.
Təhsil sahəsində mühüm təşəbbüslərin reallaşmasında birinci vitse-prezident Mehriban Əliyevanın və onun rəhbərlik etdiyi Heydər Əliyev Fondunun fəaliyyəti xüsusilə qeyd olunmalıdır. Fondun “Yeniləşən Azərbaycana yeni məktəb” proqramı çərçivəsində ölkənin ən ucqar kəndlərində belə müasir tipli məktəblər inşa olunub, mövcud təhsil ocaqları əsaslı şəkildə yenidən qurulub. Minlərlə şagird yeni sinif otaqları, müasir laboratoriyalar və kitabxanalarla təmin edilən məktəblərdə bilik alır. Fond yalnız paytaxtda deyil, regionlarda, eləcə də xarici ölkələrdə azərbaycanlı icmalar üçün təhsil layihələri həyata keçirir, humanitar sahədə beynəlxalq əməkdaşlığı gücləndirir. Mehriban Əliyevanın şəxsi təşəbbüsü ilə musiqi, incəsənət və mədəniyyət təmayüllü məktəblərin də inkişafı dəstəklənir, gənc nəslin hərtərəfli formalaşması üçün imkanlar genişləndirilir.
44 günlük Vətən müharibəsində tarixi Zəfərdən sonra Qarabağ və Şərqi Zəngəzurda aparılan genişmiqyaslı bərpa və quruculuq işləri çərçivəsində təhsil infrastrukturu da yeni mərhələyə qədəm qoyub. Prezident İlham Əliyevin göstərişi ilə azad edilmiş ərazilərdə onlarla məktəb binası inşa olunur, uşaq bağçaları və peşə təhsil mərkəzləri tikilir. Füzuli, Cəbrayıl, Şuşa, Zəngilan, Ağdam və digər rayonlarda artıq bir sıra məktəblər fəaliyyətə başlayıb, məcburi köçkün ailələrindən qayıdan uşaqlar öz doğma torpaqlarında müasir təhsil şəraiti ilə təmin olunurlar. “Ağıllı şəhər” və “ağıllı kənd” konsepsiyalarına uyğun qurulan yeni yaşayış məntəqələrində təhsil ocaqları da rəqəmsal texnologiyalar, alternativ enerji mənbələri və innovativ tədris üsulları ilə fərqlənir. Bu, Qarabağın və Şərqi Zəngəzurun yalnız bərpa yox, həm də inkişaf məkanı kimi gələcəyinə inamın rəmzidir.
Bu gün Azərbaycan təhsili Heydər Əliyevin qoyduğu möhkəm təməl və İlham Əliyevin reallaşdırdığı ardıcıl siyasət nəticəsində dünya miqyasında rəqabətədavamlı, müasir və innovativ bir sistemə çevrilib. Həm paytaxtda, həm də bölgələrdə məktəblərin maddi-texniki bazasının möhkəmləndirilməsi, ali təhsil müəssisələrinin beynəlxalq reytinqlərdə irəliləməsi, peşə təhsilinin əmək bazarına uyğunlaşdırılması, müəllim peşəsinin nüfuzunun artması bu siyasətin real nəticələridir. Prezident İlham Əliyevin və birinci vitse-prezident Mehriban Əliyevanın təhsilə xüsusi qayğısı Azərbaycanın gələcəyinə, gənclərin bilik və bacarıqlarına, milli-mənəvi dəyərlərini qoruyaraq müasir dünyaya açıq bir cəmiyyət qurmaq məqsədinə xidmət edir.
Heydər Əliyevin “Təhsil millətin gələcəyidir” prinsipi bu gün ölkənin inkişaf strategiyasının ideoloji bünövrəsinə çevrilib. Bu uzaqgörən xəttin nəticəsində Azərbaycan gəncləri yalnız öz ölkəsinin deyil, beynəlxalq əmək bazarının da tələblərinə cavab verən yüksək ixtisaslı mütəxəssislər kimi yetişir, milli kimliyini qorumaqla yanaşı, qlobal düşüncə tərzi formalaşdırır. Qarabağda, Şərqi Zəngəzurda və bütün ölkə üzrə həyata keçirilən məktəb və universitet layihələri isə göstərir ki, Azərbaycanın hər guşəsi inkişafdan kənarda qalmayacaq, hər bir uşaq bərabər təhsil imkanına sahib olacaq. Bu, həm Heydər Əliyev irsinin, həm də İlham Əliyevin və Mehriban Əliyevanın gələcəyə yönəlmiş siyasətinin parlaq təntənəsidir.
Nihalə Həşimova,
Abşeron rayon Novxanı kənd 2 nömrəli tam orta məktəbin direktoru