“Mən dünyada müəllimdən şərəfli ad tanımıram.”
Ulu Öndər Heydər Əliyev5 oktyabr – Beynəlxalq Müəllimlər Günü bütün dünyada təhsilin və mədəniyyətin inkişafına həyatını həsr edən, gənc nəslin formalaşmasında misilsiz rola sahib olan müəllimlərə ehtiram və minnətdarlığın rəmzidir. Bu gün müəllim əməyinə verilən ən yüksək qiymətin, onların cəmiyyət üçün əvəzsiz xidmətlərinin təntənəsidir. 1966-cı ildə YUNESKO və Beynəlxalq Əmək Təşkilatının birgə qərarı ilə təsis edilən bu gün hazırda dünyanın yüzdən çox ölkəsində bayram kimi qeyd olunur. Azərbaycanda isə 1993-cü ildən Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə dövlət səviyyəsində rəsmi bayram elan edilib və o vaxtdan etibarən ənənəvi olaraq böyük ehtiramla qeyd olunur.
Beynəlxalq Müəllimlər Günü yalnız müəllimlərin peşəsini anmaqla kifayətlənmir, həm də bütöv bir millətin gələcəyini formalaşdıran bu müqəddəs peşə sahiblərinə hörmətin, sevgilərin və minnətdarlığın təzahürüdür. Çünki müəllim sadəcə bilik ötürən deyil, həm də zəka və mənəviyyat daşıyıcısı, fədakarlığın simvolu, milli dəyərlərin qoruyucusu, gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəçisi və gələcəyin yolunu işıqlandıran bələdçisidir.
Müəllimlik insanlığa elm, bilik və mənəviyyat bəxş edən ən şərəfli və müqəddəs peşədir. Onun əməyini heç bir sahə ilə müqayisə etmək olmaz. Çünki bütün sahələrin mütəxəssisləri – həkimlər, mühəndislər, hüquqşünaslar, alimlər, hərbçilər – ilk növbədə müəllimin masasından keçirlər. Hər bir insanın həyat yolunun başlanğıcında müəllimin zəhməti dayanır. Azərbaycan müəllimləri bu peşəyə xüsusi ehtiram göstərir, dövlət bayrağı altında and içərək cəmiyyət qarşısında məsuliyyət daşıdıqlarını təsdiq edirlər. Bu and sadəcə rəsmi mərasim deyil, müəllimin ömürlük missiyasını, gənc nəsillərin taleyini formalaşdırmaq məsuliyyətini əks etdirir.
Müəllimlər tariximizin ən çətin anlarında da öz fədakarlıqları ilə seçiliblər. 20 Yanvar faciəsi, Xocalı soyqırımı, Birinci Qarabağ müharibəsi dövründə onlar gənclərə milli ruhu, vətən sevgisini aşılayıblar. 44 günlük Vətən müharibəsində Azərbaycan Ordusunun qələbəsində müəllimlərin də böyük payı oldu. Onların sinif otaqlarında verdiyi vətənpərvərlik dərsləri döyüş meydanında qələbə əzminə çevrildi. Hətta yüzlərlə müəllim birbaşa ön cəbhəyə yollandı. Onlardan 20-si məktəb direktoru, 32-si direktor müavini, 671-i müəllim idi. Təəssüf ki, 20 təhsil işçisi şəhidlik zirvəsinə ucaldı. Vüqar Vəliyev, Famil Əhmədzadə, Rəşad Məmmədov, Elvin İmaməliyev kimi şəhid müəllimlər həm pedaqoji, həm də hərbi qəhrəmanlıq tariximizdə əbədi yaşayırlar.
Ulu Öndər Heydər Əliyevin müəllim əməyinə verdiyi yüksək qiymət bu gün də uğurla davam etdirilir. Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə minlərlə yeni məktəb inşa olunub, mövcud təhsil ocaqları əsaslı şəkildə yenidən qurulub, müəllimlərin sosial rifahı yaxşılaşdırılıb. Prezidentin “Uşaqlar yaxşı məktəblərdə oxumalı, müəllimlər də yaxşı məktəblərdə işləməlidirlər” fikri artıq reallığa çevrilib. Heydər Əliyev Fondunun “Yeniləşən Azərbaycana yeni məktəb” proqramı çərçivəsində yüzlərlə müasir tipli məktəb istifadəyə verilib. Son illərdə Abşeron rayonunda da təhsil infrastrukturunun yenilənməsi istiqamətində mühüm addımlar atılıb. Bu il Xırdalan şəhər 8 nömrəli tam orta məktəb, Hökməli qəsəbə tam orta məktəb və Saray qəsəbə 1 nömrəli tam orta məktəb əsaslı şəkildə yenidən qurulub, Saray qəsəbə 4 nömrəli tam orta məktəb isə yeni inşa edilərək istifadəyə verilib. Bu layihələr həm müəllimlərin, həm də şagirdlərin daha müasir və rahat şəraitdə fəaliyyət göstərməsinə şərait yaradır, təhsilin keyfiyyətini əhəmiyyətli dərəcədə yüksəldir.
Azərbaycan dövlətinin təhsilə göstərdiyi yüksək diqqət və qayğı hər zaman müəllimlərin əməyinə verilən qiymətin bariz göstəricisidir. Bu diqqət bölgələrdə də özünü aydın şəkildə göstərir. Xüsusilə Abşeron-Xızı Regional Təhsil İdarəsi tərəfindən Abşeron rayonunda təhsil müəssisələrinin inkişafına, müəllimlərin sosial rifahının yaxşılaşdırılmasına və onların əməyinə dəyərin artırılmasına xüsusi önəm verilir. Müasir məktəb binalarının istifadəyə verilməsi, tədris şəraitinin yaxşılaşdırılması, müəllimlərin peşəkarlığının artırılması istiqamətində həyata keçirilən tədbirlər təhsil işçilərinə göstərilən qayğının bariz nümunəsidir. Abşeron-Xızı Regional Təhsil İdarəsi rəhbərliyi bütün müəllimləri təbrik edir, onların əməyini yüksək qiymətləndirir və hər birinə sağlamlıq, uğurlar və ilham arzulayır.
Müəllim əməyini tez-tez bağbanın zəhmətinə bənzədirlər. Bağban illərlə ağacı becərir, suvarır, sonda bar verdiyini görəndə qürur duyur. Müəllim də yetişdirdiyi şagirdlərin uğuruna şahid olanda eyni qüruru yaşayır. Azərbaycan müəllimi bu gün yalnız bilik ötürən deyil, həm də milli-mənəvi dəyərləri aşılayan, şəxsiyyət formalaşdıran bir fədakardır. Onun uğuru Azərbaycanın uğurudur.
Müəllimlərin əməyinin nəticəsində cəmiyyət formalaşır, savadlı, bilikli və milli ruhlu vətəndaşlar yetişir. Azərbaycan gəncliyinin elm və təhsildə qazandığı uğurlar, beynəlxalq olimpiadalardakı nailiyyətlər, yeni nəsil müəllimlərin yetişməsi dövlət qayğısının və müəllim fədakarlığının bariz nəticəsidir. Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva və onun rəhbərlik etdiyi Heydər Əliyev Fondu bu uğurların reallaşmasında mühüm rol oynayır. Fondun dəstəyi ilə ölkənin müxtəlif bölgələrində məktəblərin bərpası, yeni təhsil komplekslərinin inşası və şagirdlərin tədris şəraitinin yaxşılaşdırılması müəllimlərin fəaliyyətini daha da ruhlandırır.
Bu gün müəllimlər yalnız bilik öyrətmir, həm də gənclərə milli-mənəvi dəyərləri, vətənpərvərlik və məsuliyyət hissini aşılayırlar. Müstəqil Azərbaycanın gələcəyi onların əllərində formalaşır. Müəllimlər Günündə bütün pedaqoqlara dərin ehtiramımızı bildirir, onlara möhkəm sağlamlıq, səbir və şərəfli fəaliyyətlərində yeni uğurlar arzulayırıq. Azərbaycanın sabahı müəllimlərin əllərində işıqlanır.
Müəllimlər Gününüz mübarək, əziz müəllimlər!Sevil Əliyeva,
Güzdək qəsəbə tam orta ümumtəhsil məktəbinin direktoru